Ç. Dek 11th, 2019

tv1.space

internet televiziya

Vətəndaş-məmur münasibətlərinə Prezidentdən mükəmməl örnək

4 min read

Danılmaz faktdır ki, istənilən ölkənin bütün sferalar üzrə inkişafında məmur-vətəndaş münasibətləri böyük rol oynayır. Məmur-vətəndaş münasibətlərinin şəffaflığı, məmurların öz fəaliyyətlərində vətəndaş məmnunluğunu əsas hədəf kimi müəyyənləşdirməsi həm respublikada ümumi  uğurun təminatıdır, həm də sabitliyin güclənməsinə xidmət edən vacib amillərdən biridir.

Azərbaycan Prezidenti məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə  öz şəxsi keyfiyyətləri  və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, haqlı olaraq dövlət idarəçiliyindəki hər kəsdən də bunu  tələb edir. Prezident  vətəndaşlarla münasibətdə şəffaflığın artırılmasını, etik qaydalara əməl edilməsini, onlara  daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət  göstərilməsini və vətəndaş məmnunluğunun təminini məmurlar qarşısında ən zəruri vəzifələr kimi müəyyənləşdirib.

Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir. Prezident öz şəxsi nümunəsi ilə bütün məmurlara xalqla bir yerdə olmalarının, vətəndaşların müraciətlərinə, problemlərinin həllinə qayğı ilə yanaşmalı olduqlarının vacibliyini örnək göstərir. Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsas tədbirlər görmək Prezident İlham Əliyevin iş üslubuna çevrilib.

Dövlət başçısı həmişə çıxışlarında ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır. Prezident daim qeyd edir ki, məmurlar xalqın xidmətçisi olduqlarını unutmamalıdırlar:  “Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir”.

Ümumən məmur-vətəndaş münasibətləri ilə bağlı ölkə mənzərəsinə nəzər saldıqda, ürəkaçan tablo ilə qarşılaşırıq. Bu gün Prezident yeni kadr islahatları ilə həm də məmur-vətəndaş münasibətləri sahəsindəki irəliləyişlərin, müsbət tendensiyaların yüksələn dinamika üzrə davamını təmin edir. Biz ölkənin istənilən bölgəsində bir təbii fəlakət baş verəndə Prezidentimizin vaxt itirmədən xalqın yanında olduğunu görürük. Dövlət başçısı hər dəfə problemlə yerində tanış olmaq və təbii fəlakətdən ziyan çəkmiş insanların çətinliklərinin operativ həlli üçün şəxsən özü hadisə yerlərinə baş çəkir. Bu, xalqımızın  bir daha öz seçimində yanılmadığını göstərən çox mükəmməl bir örnəkdir. Dövlət başçısı üçün vətəndaş məmnunluğu son dərəcə vacib məsələdir.

Ancaq təbii ki, inkişaf yolumuz  qüsurlardan da xali deyil, bəzən məmur – vətəndaş münasibətləri sferasında fərdi müstəvidə  müəyyən nöqsanlar  gözə çarpır. Bununla bağlı da Prezident İlham Əliyev öz prinsipial mövqeyini  hər zaman ortaya qoyur və bəzən yekəxanalığa yol verən, təkəbbür sərgiləyən məmurlarla bağlı  vaxtaşırı lazımi tədbirləri görülür: “Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır”.

Müasir Azərbaycanda  səmərəli dövlət idarəetməsinin qurulması istiqamətində həyata keçirilən işlərin və dövlət siyasətinin mərkəzində vətəndaş durur, onun məmnunluğu inkişafın və şəffaflığın  əsas göstəricisi hesab edilir.  Hər bir  məmurun da  öz fəaliyyətində əsas vəzifəsi vətəndaş-məmur münasibətlərində Prezidentimizdən nümunə götürərək bu göstəricinin bütün şkalalar üzrə yüksəldilməsindən ibarət olmalıdır.  Bu, həm  Prezident İlham Əliyevin, həm də yeni  dövrün tələbidir.

Sevinc Abdullayeva, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright © tv1.space | Newsphere by AF themes.