Şb. Noy 23rd, 2019

tv1.space

internet televiziya

Respublika Müalicəvi Diaqnostika Mərkəzində təlim kursu təşkil olunub – FOTO/VİDEO

2 min read

Azərbaycanın ən yaxşı çoxprofilli tibb mərkəzlərindən olan Respublika Müalicəvi Diaqnostika Mərkəzi bu günlərdə böyük əhəmiyyətə malik təlim kursuna ev sahibliyi edir.

Ən müasir diaqnostik cihazlarla təchiz olunmuş tibb mərkəzi 2016-cı ildə “Joint Commission International” akkreditasiyasından keçərək xüsusi qızıl rəngli fərqlənmə nişanı ilə təltif edilib.

Dünya şöhrətli Aralıq Dənizi İnkontinesiya və Çanaq Dibi Cəmiyyəti və Histeroskopiya və Minimal invaziv Cərrahiyə Akademiyası ilə birgə təşkil olunan təlim “Qadınlarda çanaq dibi disfunksiyasının patogenezi və müalicəsi” üzrə həyata keçirilir.

Oktyabrın 24-də öz işinə başlayan kursda tərəfdaş tibb mərkəzlərindən əcnəbi professor və sahə üzrə ixtisaslaşmış uroloqlar iştirak ediblər. Təlimin ilk günü əsasən mühazirə xarakterli olub.

Respublika Diaqnostika Mərkəzinin baş həkimi Könül Xəlilovanın iştirakçıları salamlaması ilə başlanan təlim daha sonra müxtəlif mövzular üzrə çıxışlarla davam edib. Qadınlarda geniş yayılan çanaq nahiyəsi problemlərindən bəhs olunan təlimdə bir sıra mühüm məsələlərə toxunulub. Təlimin ikinci günü isə praktiki mərhələ ilə davam edib. Burada təlim  iştirakçılarına canlı əməliyyat yolu ilə cərrahi müdaxilələr nümayiş etdirilib.

Məhz bu təlim üçün Bakıya gələn həmsədr – Aralıq Dənizi İnkontinesiya və Çanaq Dibi Cəmiyyətinin Prezidenti Diaa Rizk, ispan uroloq Karlos Errando, fransalı professor Emmanuel Delorme və qonşu Gürcüstandan olan klinika rəhbəri Tengiz Asatiani təlimdə iştirak edənlərə praktiki və nəzəri yolla nümunələr gətirib, həmçinin öz bilik və bacarıqlarını onlarla bölüşüblər.

Bu tipli təlim kurslarının davamlı olacağı ilə yanaşı onu da qeyd etmək lazımdır ki, Respublika Diaqnostika Mərkəzi tərəfindən noyabrın 3-də, Quba rayonu  Mərkəzi Xəstəxanasında tamamilə pulsuz müayinələr təşkil olunacaq.

Quba şəhəri və qonşu bölgələrdə yaşayanlar nevropotoloq, pediatr, cərrah, kardioloq, ginekoloq, ultrasəs müayinə xidmətlərindən yararlanmaq üçün qeyd olunan nömrə ilə əlaqə saxlamaqla, tamamilə ödənişsiz şəkildə qeydiyyatdan keçə bilərlər.

Əlaqə:  055-212-63-63

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright © tv1.space | Newsphere by AF themes.