Ç. Apr 1st, 2020

tv1.space

internet televiziya

Parklanma: Nəqliyyat sektorunun aktual problemi

4 min read

Azərbaycanda avtomobillərin sayı gündən-günə artır. Amma avtomobillər çoxaldıqca özü ilə problemləri də gətirir. Bu problemlərdən  ən böyüyündən biri də avtomobillərin parklanmasıdır. Avtomobillər artır, avtomobili park etmək üçün yerlərin sayında isə hələki artım müşahidə olunmur.

Qadağan olunmuş yerdə parklanma edən hər bir sürücü bilməlidir ki, o digər yol hərəkət işitirakçılarının o cümlədən ictimai nəqliyyatın da hərəkətinə mane olur ki, bu da gün ərzində yüz minlərlə insanın mənzil başına vaxtında çata bilməməsinə, tıxaclara gətirib çıxarır.

Ərazidə avtomobilin park edilməsi üçün yer yoxdursa, o zaman sürücü maşınını qanunsuz olaraq haradasa saxlamağa məcbur olur. Parklanma yeri olmadığından insanlar inzibati xətaya yol verirlər. Bu da nəticə etibarilə sonradan onlara problem yaradır. Yəni, avtomobil sahibləri cərimələnir və bu, narazılıqlara yol açır. Ona görə də avtomobillərin park edilməsi üçün xüsusi yerlər olmalıdır. Burada söhbət təkcə ödənişli parklardan getmir. Söhbət həm də ödənişsiz parklanma yerlərinin yaradılmasından gedir. Avtomobili saxlamaq üçün yer varsa, bu, o demək deyil ki, parklanma mütləq ödənişli olmalıdır. Ona görə də bütün bu məsələlərə diqqət edilməlidir. Problemin həllinə kompleks yanaşma ortaya qoyulmalıdır. Bu məsələ ilə bağlı araşdırma apardıqda, təkliflər irəli sürüldükdə müvafiq qurumların, vətəndaşların, ictimai təşkilatların rəyləri və maraqları nəzərə alınmalıdır.

Tıxacların əsas səbəblərindən biri küçələrdən parklanma yeri kimi istifadə olunmasıdır. Məsələ burasındadır ki, bizdə qeyri-qanuni park etmə halları, sürücülərin dayanma-durma hallarının pozmaları istənilən halda küçələrdə tıxacın yaranmasına və ya nəqliyyat vasitələrinin sıxlığına səbəb olur. Əksər hallarda onun şahidi oluruq ki, yolun sağında və solunda avtomobillər saxlanıldığı üçün sürücülər yalnız bir zolaqla hərəkət edirlər. Bu baxımdan qeyri-qanuni parkinq məsələləri ilə mübarizə şəhərdə mövcud olan tıxac problemini həll edəcək vasitədir. Parkinq yerləri olmalıdır. İnsanlar bu imkandan faydalanmalıdır.

Sürücülərin nəqliyyat vasitələrini  dayanma və durma qaydalarını pozmadan saxlaması üçün şərait yaradılmalıdır. Əgər sürücü nəqliyyat vasitəsini saxlamaq istəyirsə və ən yaxın 3-4 kvartal bunun üçün yer yoxdursa, təbii ki, o, avtomobilini dayanma və durmanın qadağan olunduğu yerdə saxlayacaq. Bakının hər yerində parkinq yerləri ola bilməz. Harada infrastruktur imkan verir, çoxzolaqlı yollar, sıxlığa səbəb olmayacaq yerlər var, orada parkanma yerləri nəzərdə tutula bilər. O yerlərdə ki, dayanma və durma qadağandır, birmənalı şəkildə orada müvafiq qaydada nişanlanma və digər işləri yerinə yetirməklə göstərilməlidir. Sürücülərin dayanma və durma ilə bağlı cərimələnməsi ondan irəli gəlir ki, onlar avtomobillərini saxlamağa yer tapmırlar. Təbii ki, bütün yerlər avtomobillərin saxlanılması üçün nəzərdə tutula bilməz. Şəhərin elə yerləri var ki, orada ödənişli və ya ödənişsiz formada park edilməsi sıxlığın yaranmasına gətirib çıxarır.

Şəhərdə ideal parklanma təşkil etmək istəyiriksə, ilk növbədə, küçə parklanmasını nizamlamaq, daha sonra parkinq üçün digər yerləri müəyyən etmək lazımdır. Küçə parklanmasında qiymət tətbiqi vacib məsələlərdən biridir. Bu, sadəcə parklanma yerlərinin mövcudluğu deyil. Ödənişli parklanma ilk növbədə tıxacların və nəqliyyat axınının tənzimlənməsinə təsir göstərir. Küçə parklanması idarə edilməsə, iqtisadi cəhətdən əsaslandırılmış qiymət tətbiq olunmasa, yerüstü və yeraltı parklanmalar cəlbedici olmayacaq. Çünki hər bir şəhər üçün küçə parklanması məhdud resursdur və bundan qənaətlə istifadə etmək lazımdır. Küçə parklanmasının idarə edilməməsi özəl sahibkarlar üçün şəhərdə əlavə parklanma yerlərinin tikintisini cəlbedici etmir. Vətəndaşlar küçədə maşınlarını rahat saxlaya bilirsə, parkinq yerlərinə müraciət çox az olur. Özəl şirkətlər parklanma ilə bağlı müəyyən tənzimləmələr aparıldığı təqdirdə bu sahəyə meyil göstərə bilər. Şərtlər uyğun olsa, parklanma yerlərinin tikintisi binaların tikintisi ilə müqayisədə daha gəlirli ola bilər. Sahibkarlar üçün yaradılacaq ən doğru şərait ondan ibarətdir ki, bu sahədə düzgün tənzimləmələr aparılsın, icra strukturları parkinq yerlərini müəyyənləşdirsin və müəyyən qiymət tətbiq etsin.

Yaqut Ağaşahqızı, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright © tv1.space | Newsphere by AF themes.