Ç. Dek 11th, 2019

tv1.space

internet televiziya

Konstitusiyamız və milli ideologiyamız

9 min read

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən 24 il ötür. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Əsas Qanun müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin beşinci Konstitusiyasıdır. 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Ona görə də ilk konstitusiya RSFSR-in konstitusiyası əsasında hazırlanmış və 1921-ci il mayın 19-da qəbul olunmuş Azərbaycan SSR-in Konstitusiyası hesab olunur. Azərbaycanın sayca ikinci konstitusiyası 1927-ci ilin mart ayında qəbul edilib. O zaman Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının tərkibində idi və bu şəkildə də SSRİ-yə daxil edilmişdi. 1936-cı ildə SSRİ-nin yeni əsas qanunu qəbul edildikdən sonra ona müvafiq olaraq, 1937-ci ildə Azərbaycanın sayca üçüncü konstitusiyası qəbul olundu. Azərbaycan SSR-in sayca dördüncü konstitusiyası 1978-ci ildə, 1977-ci il SSRİ Konstitusiyası əsasında qəbul edildi. Bu konstitusiyanın hazırlanması və qəbulu o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevin iştirakı ilə həyata keçirilmişdi. Həmin sənəd milli maraqların qorunması baxımından əvvəlkilərdən xeyli fərqlənirdi. Məhz ümummilli lider Heydər Əliyevin təkidi ilə 1978-ci il konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu əks olundu. Əvvəlki konstitusiyalarda Dağlıq Qarabağ Muxtar Vilayətinə ayrıca fəsil həsr olunmuş, onun hüquqi statusu şişirdillmişdi. Bu konstitusiyada isə, Dağlıq Qarabağ və onun orqanlarının hüquqi statusu “Yerli dövlət hakimiyyəti orqanları” fəslinin içərisinə salınmış, yəni ona müstəsna əhəmiyyət verilməsinin qarşısı alınmışdı.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu olduğu kimi, onun milli ideologiyasının – azərbaycançılığın da, azərbaycançılıq ideologiyasına söykənərək yaradılan ilk konstitusiyanın da banisi hesab olunur. 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Bu konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəddir.

Konstitusiya və milli ideologiyanın vəhdətindən bəhs edən ümummilli lider öz çıxışlarında vurğulayırdı ki, milli ideologiyamız, ilk növbədə dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır. Görünür, elə bu yanaşmanın nəticəsidir ki, Heydər Əliyevin yaratdığı azərbaycançılıq məfkurəsi və onun məzmununu təşkil edən əsas prinsiplər ölkə konstitusiyasında konkret formada öz əksini tapmışdır. Ümummilli lider dövlətçilik maraqlarının qorunmasından danışanda, ilk növbədə ölkənin ali qanununun müddəalarına dönmədən əməl edilməsini xüsusi vurğulayırdı, konstitusiya normalarnın hər bir Azərbaycan vətəndaşının ümummilli vəzifəsi olduğunu qeyd edirdi. Bu normalar, Əsas Qanunun preambula hissəsində təsbit olunub və ilk növbədə: ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, vətəndaş cəmiyyətinin bərqərar olunmasını, xalqın iradəsinə, qanunların aliliyinə əsaslanan hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini, milli-mənəvi dəyərlərə sadiqliyi, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və digər ümumbəşəri dəyərlərə hörmət hissini ehtiva edir.

Heydər Əliyev həm konstitusiyamızın, həm də azərbaycançılıq ideologiyasının əsasına, ilk növbədə, bütün vətəndaşların sabit, firavan və dinamik inkişafına cavab verən milli dövlətçiliyi – müstəqil Azərbaycan Respublikasını qoyurdu. Ulu öndər çıxışlarında bu məsələyə belə şərh verirdi: “Müstəqil Azərbaycan dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması, əbədiyaşar edilməsi hər bir azərbaycanlının müqəddəs borcudur”. Milli ideologiyadan danışarkən Heydər Əliyev qeyd edirdi ki, “biz, ilk növbədə, bütün xalqımızı, bütün soydaşlarımızı Azərbaycanın müstəqil dövlətçiliyi ətrafında birləşdirməliyik, gənclərimizi, gələcək nəsilləri dövlətçilik prinsiplərinə sadiq ruhda tərbiyə etməliyik”. Məzmunundan da göründüyü kimi, həm Əsas Qanunun, həm də azərbaycançılıq ideologiyasının mərkəzində, hər şeydən əvvəl dövlətçilik maraqları – güclü Azərbaycan dövlətinin yaradılması və bütün sahələr üzrə inkişafının təmin edilməsi prinsipi dayanır. Bəhs olunan güclü Azərbaycan dövləti anlayışı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək onları daim yaşadacaq və zənginləşdirəcək bir siyasi-iqtisadi və sosial-mənəvi idarəçilik institutunun mövcudluğunu ehtiva edir. Bu dövlətin sabit və multikultural ictimai-siyasi həyatı, təkmil mərkəzi və yerli idarəetmə sistemi, işlək qanunları olmalı, hər bir vətəndaşının imkan və bacarıqları hakimiyyət tərəfindən lazımi səviyyədə dəyərləndirilməli, hər bir vətəndaş etnik-dini və sosial mənsubiyyətindən asılı olmayaraq, yalnız şəxsi qabiliyyətinə görə proseslərə cəlb edilməli, ölkədə tam şəffaf və tolerant mühit yaradılmalıdır.

Konstitusiyada və azərbaycançılıq ideologiyasında irəli sürülən digər əsas tələb (norma) ümumazərbaycançılıq (ümumvətəndaşlıq) ideyasına söykənən milli birlik və vətəndaş həmrəyliyi prinsipidir. Bu prinsip müasir Azərbayvan dövlətçiliyinin təməlində dayanır və bütün digər siyasi, sosial-etnik maraqlardan üstün tutulur.

Ümumazərbaycançılıq qayəsinin təməlində ədalətli və hamı üçün məqbul sayılan ictimai həyat normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün güvənc yeri sayması, doğma Vətəni qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla multikultural birgəyaşayış normalarının bərqərar olması və s. kimi tələblər dayanır. Bu tələblərin həyata keçirilməsi və qorunması Azərbaycanda yaşayan, fəaliyyət göstərən, bu dövlətin idarəçiliyinə iddia edən hər bir vətəndaş və təşkilat üçün əsas olmalıdır. Əgər hər hansı şəxs və yaxud təşkilat yaşadığı cəmiyyəti, təmsil etdiyi dövləti, konstitusiya ilə müəyyənləşdirilmiş ölkədaxili münasibətlər və dəyərlər sistemini qəbul edirsə, deməli, dövlətin də bu sistemin təminatçısı olmasını mütləq qəbul etməlidir. Bir sözlə, bu rakursdan baxdıqda, konstitusiya normaları və azərbaycançılıq ideologiyası artıq hansısa bir siyasi liderin, partiyanın, yaxud siyasi təşkilatın deyil, ölkənin milli maraqlarına söykənərək, bütün Azərbaycan xalqının ümumi mənafelərinin ifadəsinə çevrilib. Belə olan halda, bu ideologiyaya müxalifətdə durmaq ümumxalq maraqlarına, ümumxalq fikrinə və mövqeyinə müxalifətdə durmağa bərabərdir.

Bir faktı da xüsusi vurğulamaq istəyirəm ki, başqa sahələrdə olduğu kimi, milli-ideoloji baxışlar sisteminin formalaşmasında da Heydər Əliyev həm tarixilik prinsipini, həm də varislik ənənələrini qoruyub saxladı. Ulu öndər Azərbaycanın XlX əsrin sonu, XX əsrin birinci yarısında yaşayıb-yaratmış milli-vətənpərvər və maarifçi-demokrat ziyalılarının, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının birləşdirici ideya kimi irəli sürdükləri azərbaycançılıq ideologiyasına müraciət etdi. Və həm də, nəinki sadəcə müraciət etdi, onu real və dolğun məzmunla zənginləşdirərək dövlət siyasəti səviyyəsinə qaldırdı.
Konstitusiyamızda və milli ideologiyamızda dövlətçilik maraqları, milli birlik və vətəndaş həmrəyliyi prinsipləri ilə yanaşı, həm də yeni vətəndaş amilinə – millətini və xalqını sevən, dövlətinin yolunda hər bir fədakarlığa hazır olan, milli-mənəvi dəyərlərini yaşadan, dövlət dilini bilən və sevən, ədalətli və təşəbbüskar, fəal mövqeli və iradəli Azərbaycan vətəndaşı yetişdirilməsi ideyasına xüsusi önəm verilib. Heydər Əliyev Azərbaycan gənclərini sərbəst düşüncə tərzinə malik, cəmiyyətdə və dünyada gedən proseslərdən baş çıxara bilən, vətənpərvər, dövlətçilik təfəkkürü güclü olan savadlı, bacarıqlı, fəal insanlar kimi görürdü. Ümummilli lider deyirdi: “Biz elə bir nəsil yetişdirməliyik ki, o, öz dövlətini sevsin, onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacarsın. Gənc nəsil öz milli adət-ənənələrinə sadiq olmalı, ana dilini, milli mədəniyyətimizi dərindən öyrənməli, eyni zamanda, bəşəri dəyərləri mənimsəməlidir”.

Beləliklə, ölkə tarixinin mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş ulu öndərin yaratdığı dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan konstitusiya müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir, ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir. Təməli Heydər Əliyev tərəfindən qoylmuş səmərəli dövlət siyasətini ardıcıl olaraq uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin müstəqil dövlət quruculuğu istiqamətindəki nəzəri və praktiki irsinə qiymət verərək demişdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları – azərbaycançılıq məfkurəsi formalaşdırıldı… Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir”.

Milli dövlətimiz durduqca, ümummilli lider Heydər Əliyevin nurlu ideyalarından və ümumbəşəri dəyərlərdən yoğrulan Azərbaycan Konstitusiyası və azərbaycançılıq məfkurəsi dövlətimizin gələcək inkişafı və tərəqqisi yoluna daim işıq salacaqdır.

Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright © tv1.space | Newsphere by AF themes.